Türk toyu

İlk dəfə idi bir türk toyunda iştirak edəcəkdim. Bir rəfiqəm “bax, bugün gördüyün toydan dərhal türk toyu belə olur deyə nəticə  çıxartmağa tələsmə”0c756433fc0a4bf9387e698072a30aba demişdi.

   Toy salonu evin çox yaxınlığında, bir mərkəzin ən üst mərtəbəsində idi. Yolda eşitdim ki, kimsə “gec gəlmişik, ayaqüstə qala bilərik” dedi. Bunun nə demək olduğunu düşünmək belə istəmirdim. Axı bizim toylarda belə hallarla heç vaxt qarşılaşmamışam. İçəri girməzdən əvvəl salonun isti, oksigensiz havası məni vurdu. Toy sahibinə təqdim edildim. Azərbaycandan gəlib dedilər. Hörmətlə əyilərək əlimi sıxdı və : “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misralarıyla məni salamladı, “xoş gəlmisiniz” dedi.   Hədsiz dərəcədə xoş oldu mənə bu qarşılama. Artıq çətin ki, bu toyda nə isə əhvalımı korlayaydı.

   Salonda iynə atsan yerə düşməzdi və bizim universitet bufetlərini xatırladırdı. Girişində, kiçik bir küncdə toy süfrəsi ilə əlaqəsi olan və olmayan nəsnələr satılırdı. İstəyən  pulunu verib alır və öz masasında yeyə və yaxud içə bilir.

   Bir toy üçün baxımsız sayılan, gündəlik geyimdə olan qonaqlar çoxluq təşkil edirdi. Bəzi xanımların geyimi diqqətimi daha çox çəkirdi. Mənə 90-cı illərin toya geyindiyimiz paltarlarını xatırlatdırdı. Böyük çətinliklə yer tapıb oturduqdan bir xeyli sonra üzəri çanta və üst geyimləriylə dolu olan masaya kiçik şüşə butulkalarda bir neçə cola və fanta “için gedin” tərzində gətirildi. İçin deyəndə ki, içmək üçün plastik stəkan belə yox idi. Səbəbkarlar tort kəsdikdən sonra masada birdəfəlik istifadə üçün qablarda tort da gəldi. Mədə ilə əlaqəli o toyda görüb görəcəyimiz bunlar idi: meyvə şirəsi və tort.

   Toy sahibi çıxış edirdi. Ölkəmiz haqda gözəl sözlər dedi. “Azərbaycan” şerini bizim dildə yetərincə uğurlu şəkildə səsləndirdi. Çox kövrəldim. Gözlərim doldu. Həmişəki düşüncələrim mənim üçün bir daha təstiqləndi sanki. Vətənini nə qədər sevdiyini sərhədi keçən kimi daha yaxşı anlayırsan. Mütləq anlayırsan. O an “Minnətdaram mənim ölkəmi sevdiyiniz üçün” cümləsini qurdum içimdən. Toy sahibinin əslən azərbaycanlı olduğunu öyrəndim. Azərbaycanı heç vaxt görməməsinə baxmayaraq saxta vətənpərvərlərdən min dəfə yaxşı azərbaycanlıdır.

 

Başımda ulduzlar..

   Bir az sonra “Bu qala daşlı qala” mahnısı nisbətən “qolu qıçı sındırılmış” şəkildə çalındı. Dünyanın xoşbəxti mənəm dünyada. Dəfələrlə “qalx sən də oyna” təkliflərini tərəddüdsüz geri çevirsəm də bizim mahnımızda çox israr edilməsini gözləmədən rəqs etməyə qalxdım. Birlikdə yaşadığım ailənin bir xanım fərdi də azərbaycanlıdır. Onunla qarşılıqlı “öz havamızı” oynadıq. O an nə içəridəki havasızlıq, səliqəsizlik, insanların geyimləri, nə də ki yad baxışlar gözümə görünmədi, məni narahat etmədi. Gülümsəyirdim içdən. Başımda ulduzlar rəqsimi müşayət edirdi. Sonra ulduzların başıma töküldüyünü hiss etdim. Bir-bir, iki-iki… Oyandım sanki. Amma qorxusu yox idi, ailədən bir nəfər jest olsun deyə biz rəqs edərkən gül ləçəklərini başımıza səpirdi. Saçlarımda ulduzlar olmasa da, gül ləçəklərinin olması qane edirdi məni. (Bu o toy daxilində keçərli idi. J)

   Bizim “pul yazılma” adətinin qarşılığı türklərdə gəlin və bəyin üzərinə qızıl və pul sancaqlamaqdan ibarətdir. Toyun ortasında bunu mərasim kimi elan edirlər, oğlan evi sırayla bəyə hədiyyələrini təqdim edir, qız evi də gəlinə.

   Təəccübləndiyim detal, fotoqrafın bir növ məcburi şəkildə qonaqların şəklini çəkməsi idi. Bizdə icazəsiz kiminsə şəklinin çəkilməsinin aqibətini ağlıma belə gətirmək istəmirəm. Fotoqraf bizim masaya yaxınlaşdı və o qədər adamın içində mənə nə isə deməyə çalışdı. Güclü musiqi səsindən və bir az da türkcəsindən sadəcə “gülümsəyin”i başa düşdüm. Mən ya fotoaparatını ya da başqa bir şeyi yoxlayır deyə düşündüm. Sonra izah etdilər ki, şəkil çəkmək belə olur. İcazəsiz. Qəfildən. Hətta xəbərin belə olmadan çəkilir. Çıxışda bir şəkil lövhəsi var, şəklini oraya asırlar və sən toydan çıxanda şəklin orda qalmasın deyə məcbur alırsan. Mən: Əyər mən istəmirəmsə, qoy elə orda da qalsın deyirəmsə? Nə isə bir inanc var, şəklin yad yerdə qalmasın, nəsə edərlər kimi izahatı dinlədim. Elə inanclarım olmasa da gəmidə gəmiçiylə dava kimi çıxmasın deyə şərh vermədim. Toy bitmədən iki dəfə mənim şəklim o lövhədə axtarılıb, yox imiş. Evə qayıtmaq üçün salondan çıxanda da baxıldı, yox idi.

   Yuxarıda qeyd etdiyim kimi, rəfiqəmin xəbərdarlığını unutmamışdım. Bir toyla “deməli türk toyu belə olur” şəklində bir nəticə çıxarmağa tələsmədim. “Hansı yaxşıdır”ın cavabı da mənə qalsın.

P.S Şəklim evdə, masanın üzərindəki gül çələnginin içində idi.

 

  1. Arif MƏMMƏDLİ
    Fevral 3, 2013 tarixində, saat 7:42 axşam

    Mən türk toyunda (əslində bizlər də türkük) olmamışam. Amma müəlliflə birgə qiyabi də olsa bu toyun iştirakçısına çevrildim. Təəssüratım zəngin oldu, müqayisə aparmaq imkanım yarandı. Toy sahibinin soy-kökünə sadiqliyindən, Azərbaycana sevgisindən qürur duydum. oradak “pul yazılma” adətinin bizim toylara da ayaq açmasını arzuladım. Əllərinə sağlıq, Təhminə xanım. Necə deyərlər, həmişə toyda!

  2. Fevral 4, 2013 tarixində, saat 7:26 axşam

    Arif müəllim, dəyərli zamanınızı ayırıb fikrinizi bildirdiyiniz üçün çox təşəkkür edirəm.

  1. No trackbacks yet.

Bir şərh yazın